Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat Könüllüləri” Təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisinin millət vəkili Jalə Əhmədova ilə könüllülərin “Gənclərin hüquqları” mövzusunda görüşü keçirilib. Görüşdə Jalə Əhmədova əvvəlcə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gənclər, idman və gənclərin hüquqları sahəsində həyata keçirilən islahatlar və dövlət layihələri barədə könüllülərə məlumatlar verib. O, gənclərlə iş sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, iş mühitində gənclərin hüquq və vəzifələri haqqında məlumatlılığın artırılması və gender bərabərliyi haqqında danışıb. J.Əhmədova, həmçinin Azərbaycanda autizmli uşaqların cəmiyyətə inteqrasiyası və bu səbəbdən keçirilən layihələrin sayının getdikcə artdığını bildirib.

J.Əhmədova 5 dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə könüllüləri təbrik edib və getdikcə daha çox vüsət alan könüllülük hərəkatının ölkəmizin davamlı inkişafının təmin olunmasına böyük töhfə verdiyini qeyd edib.

İnteraktiv keçən görüşdə gənclər millət vəkili ilə mövzu ilə bağlı fikirlərini bölüşüb, ona suallar ünvanlayıblar.