Könüllülük fəaliyyəti və onlayn könüllülük platformaları İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin layihə assistenti Mətin Zamanlının şərhi
Könüllülük fəaliyyəti
Könüllülük öz iradəsi və müstəqil seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Könüllülük vətənpərvərlik, insansevərlik,əməksevərlik nümayişidir. Könüllü xidmətlər ictimai həyatda iştirak, həyat bacarıqlarının inkişaf etdirilməsi, riskli davranışların qarşısının alınması,fərqli mədəniyyətlərə inteqrasiya, təhsilin inkişaf etdirilməsi və fərdlərin inkişaflarına fayda vermək baxımından əhəmiyyətlidir. Avropada, o cümlədən Azərbaycanda geniş istifadə olunan “Linkedin” sosial şəbəkəsi tərəfindən həyata keçirilmiş sorğu əsasında məlum olub ki, müəssisə rəhbərlərinin 40 faizi könüllülük təcrübəsini iş təcrübəsinə bərabər olan fəaliyyət növü kimi qəbul edirlər. Milli və İctimai Xidmət Korporasiyası tərəfindən həyata keçirilən sorğuya əsasən isə könüllülük təcrübəsi olan gənclərin işə qəbul olmaq şansı könüllülük təcrübəsi olmayanlara nisbətdə 27 faiz daha yüksəkdir. Bu sorğuların nəticələri könüllülük təcrübəsinin nə qədər önəmli olduğunun bariz nümunəsidir. Könüllülük vaxtınızı səmərəli istifadə etmək üçün çox faydalı bir yoldur. Könüllü olmaqla siz həm əsaslı dəyişikliklərə gətirib çıxaran vacib məsələlərə dəstək verirsiniz, həm də bir fərd kimi yetişirsiniz, qiymətli iş təcrübəsi qazanırsınız və karyeranızı inkişaf etdirmək üçün vacib olan bilik və bacarıqları öyrənirsiniz.
Onlayn könüllülük platformaları
Evdən çıxmadan könüllülük fəaliyyəti ilə məşğul olmağa imkan verən çoxlu onlayn platformalar var. Boş vaxtınızın bir hissəsini səmərəli keçirmək istəyirsinizsə, bu platformalar ilə tanış ola bilərsiniz:
• United Nations Volunteers – Beynəlxalq təşkilatlar bir çox könüllülük proqramları elan edirlər. Bunlardan ən məşhuru Birləşmiş Millətlər Könüllüləri Proqramıdır. Bu proqram Birləşmiş Millətlər Təşkilatının sülh və inkişafa nail olmaq uğrunda bütün dünyanı əhatə edən könüllülük fəaliyyətidir. Bütün dünya üzrə çoxsaylı onlayn könüllülük imkanları təklif edən bu proqram BMT-nin digər proqramları kimi dayanıqlı insan inkişafına nail olmağı hədəfləyib. BMT-nin könüllüləri veb səhifəsində müxtəlif maraqlara uyğun gələn işləri tapmaq olduqca sadədir. Belə ki, mövcud olan iş imkanlarının axtarışı müxtəlif sektorlar üzrə müvafiq filtrlər vasitəsilə həyata keçirilə bilir.
• VolunteerMatch – Əlaqələndirici funksiyanı daşıyan bu platforma qeyri-kommersiya təşkilatları ilə ixtisaslaşmış könüllüləri əlaqələndirir, onlara layihələrinə görə iş təklifləri edir. Burada mədəniyyət, incəsənət, kompüter texnologiyaları, hüquq və tibb kimi sahələrdə iş imkanları tapmaq mümkündür. Maraqlanan şəxslər müvafiq sahəni seçərək mövcud virtual imkanlardan yararlana bilərlər.
• Create the Good - Bu platforma fərdlərə öz bilik və bacarıqlarını xeyriyyə məqsədi ilə paylaşmağa imkan verir. Platformada mövcud olan geniş spektrli fəaliyyət istiqamətləri bilik və bacarıqlara uyğun olaraq yardıma ehtiyacı olanlara bu istiqamətdə dəstəyin göstərilməsini təmin edir.Könüllülər veteranlar və hərbi ailələr, yaşlı vətəndaşlar,eyni zamanda, gənclərlə birlikdə işləmək imkanları əldə edirlər.
• Be My Eyes - 2015-ci ildə görmə qüsurlu insanlar üçün daha əlverişli dünya yaratmaq məqsədilə yaradılmışdır. Tətbiqin istifadəçiləri 180-dən çox dildə kömək üçün müraciət edə, könüllülər isə bu insanlara gündəlik işlərində yardım əlini uzada bilərlər. Bunun üçün sadəcə mobil tətbiqi yükləmək və görmə problemi olmayan şəxs kimi qeydiyyatdan keçmək lazımdır. Məsələn, qüsurlu şəxs hər hansı bir yerə getmək istədikdə və ya hər hansı bir məlumatı oxumaq istədikdə, onunla qarşı tərəfdə yardım etmək üçün müraciət edən könüllü arasında video zəng vasitəsilə əlaqə yaradılır və müvafiq köməyin göstərilməsi təmin olunur.
• Do IT - Britaniyada yaradılmış bu platforma könüllülərə 1 milyondan çox iş imkanı təklif edir. Mövcud təşəbbüslərin əksəriyyəti yerli layihələr üçün olsa da, onlayn könüllülük imkanları da az deyil. Sadəcə axtarış yerində ‘DO IT FROM HOME’ bəndini seçməklə məsafədən işə başlamaq mümkündür.
• Catchafire – Platforma peşəkar bacarıqlara malik könüllülər ilə ekspertizaya ehtiyacı olan qeyri-hökümət təşkilatlarının əlaqələndirilməsi vasitəsilə maraqlı layihələrə və təşəbbüslərə dəstək göstərir. Vaxtı məhdud olan şəxslər belə platformanın 1 saatlıq telefon zəngi rejimi vasitəsilə könüllü kimi təşkilatı konsultasiya edə, vacib məsləhətlər verə bilərlər. • School in the Cloud –Pedoqoji bacarıqları olan könüllülər ‘School in the Cloud’ platforması vasitəsilə özlərinin elektron formada təşkil oluunmuştəlimlərini keçmə imkanı əldə edirlər.Uşaqlar üçün nəzərdə tutulmuş təlimlərdə valideynlərin də iştirakı üçün şərait yaradılıb. Platformanın məqsədi təlim prosesini dəstəkləmək və dünyanın hər yerindən olan uşaqlarla birlikdə internet üzərindən işləyib ‘Böyük suallar’-ı cavablandırmaqdır.
• Translators without Borders - Platforma qeyri-hökümət təşkilatlarına, inkişaf agentliklərinə və humanitar qruplara müxtəlif dillərdə tərcümə dəstəyi göstərir. Belə ki, platformanın iş prinsipi 2 və ya daha artıq dildə səlis bilən şəxslərin könüllü olaraq tərcüməçi qismində işə cəlb olunmasını təşkil etməkdir.
• Missing Maps - Xəritəşünaslığa xüsusi marağı olanlar ‘Missing Maps’ – platforması vasitəsilə xəritədə qeyd olunmamış ərazilərin tamamlanması işinə könüllü olaraq cəlb olunurlar. Burada könüllülər xüsusilə humanitar təşkilatların, həssas əhali qruplarının ehtiyaclarını qarşılayacaq ərazilərin xəritəsini çəkirlər. Bu təşkilata və partnyorlarına yardım kompyuter vasitəsilə peyk şəkillərinə baxaraq xəritəyə müxtəlif obyektlərin əlavə edilməsi ilə həyata keçirilir. Müraciət edən könüllülərdən xəritəçəkmə ilə bağlı heç bir təcrübə tələb olunmur.
• TechSoup - təşkilatları və xeyriyyə fondlarını texnoloji resurslarla təmin edir. Platforma həmçinin könüllülərin köməyi və ekspertizasını təklif edir. Müasir texnoloji biliklərə sahib şəxslər bu platforma vasitəsilə İT eksperti qismində könüllülk fəaliyyəti göstərə, onlayn forumlarda QHT-lərin texnologiya ilə bağlı suallarının cavablandırılmasına yardım edə bilərlər.
• Zooniverse - ‘Zooniverse’ platformasında könüllülər mədəniyyət, tarix, fizika, ədəbiyyat, sosial elmlər və digər sahələrlə bağlı tədqiqat layihələrində iştirak etməklə tədqiqatçılara kömək edirlər. Könüllü qismində cəlb olunan şəxslər bu platformada müxtəlif vəzifələri icra edə bilərlər. Məsələn, onlar məlumatların təsnifatını aparmaq, layihələr ictimaiyyətə təqdim olunmamışdan öncə potensial xətaları test etmək və s.bu kimi işlərdə elmi tədqiqatçılara kömək edə bilərlər.
• Grow Movement - Bu platforma inkişaf etməkdə olan ölkələrdə sahibkarlarla işləmək imkanını yaradır. 12 məsləhət sessiyasını tamamladıqdan sonra, könüllülər sahibkarlara bizneslərinin performansını artırmaq üçün məsləhətlər verə bilər. Məsləhətçi olmaq üçün ilk öncə bəzi tələblərə cavab verilməsi vacib şərt olaraq qoyulur. Bura 5 illik məsləhətçi və təlimçi təcrübəsi, hüquq, mühasiblik kimi biznes sertifikatları aiddir.
• Amnesty Decoders –Könüllülərin cəlb olunması ilə insan hüquqlarının pozulmasının araşdırılmasına yardım edən onlayn beynəlxalq platformadır. Könüllü kimi qatılmaq istəyən şəxslər platformanın veb səhifəsində cari layihələrə qoşula və uyğun məlumatı aşkara çıxardaraq ədalətli insan hüquqlarının təmin olunmasına dəstək göstərə bilərlər. Onlara lazım olan tək vasitə isə şəkilləri, sənədləri və digər məlumatları yoxlayan kompyuter və ya smartfonun olmasıdır.
• Crisis Text Line - Böhran anlarında ehtiyyacı olan şəxslərə psixoloji dəstək məqsədi ilə sms xidmətini göstərən platormadır. Platformanın fəaliyyəti tamamilə könüllülərin üzərində təşkil olunub. Bura18 yaşı tamam olmuş və hər həftə 4 saatını sərf edə biləcək şəxslər qatılaraq böhranda olan insanların məktublarına cavab verməklə platformanın 24 saat fasiləsiz işləyən xidmətinə dəstək ola bilirlər. Könüllülüyə başlamazdan öncə komanda şəklində problem həll etmə və böhranın idarə edilməsi kimi mövzularda 30 saatlıq təlimlər təşkil olunur.. • Learning Ally - Bu platforma disleksiya problemi olan (oxumaq qabiliyyətinin itməsi) və görmə əngəlli tələbələrə dəstək üçün yaradılıb.Könüllülərin cəlbi ilə tədris planına uyğunlaşdırılan kitabların audio versiyada istehsalı və əngəlli şagirdlərə təqdim olunması həyata keçirilir.Bununla da onların təhsil səviyyəsinin, intellektinin yüksəldilməsinə yardım təmin olunur. Könüllülər 3 istiqamətdə - kitabları səsləndirərək audio kitablar yazmaqla, səsləndirməni həyata keçirənlərə səlislik, səs tonu kimi məsələlərdə təklif və tövsiyyələri verməklə, və ya səs yazmamın keyfiyyətini yoxlamaqla platformanın fəaliyyətinə yardım edə bilərlər.
• Skills for Change - Platforma miqrantlar və məcburi köçkünlər üçün təlim-tədris imkanları yaradır. Könüllülər 4 ay boyunca hər həftə 1 saatlıq məsləhətçi kimi fəaliyyət göstərə bilərlər. Alternativ olaraq, səfir qismində çıxış edə və xeyriyyə təşkilatına tədqiqat, qrafik işlər, veb səhifə yaradılması kimi müxtəlif işlərdə də yardım edə bilərlər.
• Smithsonian Digital Volunteers - ‘Smithsonian’ transkripsiya mərkəzi materialların cəmiyyətə daha əlçatan olması üçün tarixi sənədləri transkripsiya edən könüllülər axtarır. Könüllülər transkripsiya prosesinə başlamazdan öncə gündəliklər, dəftərlər, əl yazıları kimi müxtəlif sənədlərdən birini seçə bilər və prosesə başlaya bilərlər.
• DoSomething - Dünyanın ən böyük QHT-lərindən biri olaraq ‘DoSomething’ platforması onlayn və offlayn kampaniyaları vasitəsilə sosial dəyişikliyə təkan verir. Platformanın kampaniyalarından birinə qoşulmaqla onlayn şəkildə könüllü işləmək mümkündür.
• Bookshare - görmə və öyrənmə əngəli olan insanlara oxumağı daha asanlaşdırmaq üçün yaradılan onlayn kitabxanadır. ABŞ da yaşayan şəxslər könüllü olaraq kitabları skan etməklə platformanın böyüyən kitab kolleksiyasını genişləndirməkdə yardım edə bilərlər. Beynəlxalq könüllülər də platformaya dəstək ola bilər. Bunun üçün onlar öncədən mövcud imkanlar ilə bağlı ‘Bookshare’ ilə əlaqə saxlamalıdırlar.
• Distributed Proofreaders - Bu platforma könüllülərin dəstəyi ilə kütləvi domen kitablarını elektron kitablara çevirir. Ədəbiyyat tarixini qoruyub saxlamaq istəyənlər üçün bu platformada könüllü olaraq fəaliyyət göstərmək əla fürsətdir. Proses olduqca sadə olamaqla skan olunmuş şəkli optik hərf tanıma yazısı ilə müqayisə etmək və səhvləri düzəldərək platformanın veb səhifəsinə göndərməkdən ibartdir. Heç bir öhdəçilik olmadan istənilən vaxt könüllülük fəaliyyətinin dayandırılmasına imkan verir. Yekun Günümüzdə könüllük həm qlobal dünyada, həm də ölkəmizdə geniş yayılan trendə çevrilərək gənclərin aktiv şəkildə bu fəaliyyətə maraq göstərməsinə səbəb olub.Daha çox fiziki olaraq iştirakı tələb edən könüllülük fəaliyyətinə alternativ olaraq onlayn könüllülük proqramlarının yaradılması bu kimi fəaliyyətlərə müxtəlif səbəblərdən qatıla bilməyən şəxslərin (regionlarda yaşayan, əsas iş yeri olan, müəyyən mənada əngəlli, körpə uşağı olan və s şəxslər) cəlb olunmasına imkan yaradır. Onlayn könüllülü olaraq proqramlara qatılmaq boş vaxtın, peşəkar bacarıqların və fərdi istedadların səmərəli və bəşəriyyətin xeyrinə istifadə edilməsinin çox uğurlu üsuludur.Unutmaq lazım deyil ki, dünyanı dəyişmək istəyən ilk öncə özündən başlamalıdır. Bizim nümunədə isə bu könüllülük fəaliyyətinə qatılmaqla izah oluna bilər. Bu baxımdan hər bir şəxs öz təhsil və təcrübələrindən istifadə edərək ehtiyacı olanlara kömək etməklə sosial dəyişikliyə səbəb olmağa qadirdir