İİTKM-in “İslahat Könüllüləri” Təşkilatının rəhbəri Nərmin Rəhimlinin şərhi

 

  Azərbaycanda könüllülük hərəkatı ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründən başlayaraq, Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda ilk dəfə Könüllülük Həftəsinin keçirilməsi və 2020-ci ilin “Könüllü ili” elan edilməsi ilə daha geniş vüsət aldı.

Azərbaycan gəncləri öz şəxsi iradəsi ilə, heç bir maddi niyyət olmadan, ölkəmizin rifahının yüksəlməsinə töhfəsini vermək məqsədilə könüllülük fəaliyyəti ilə məşğul olurlar. Ölkəmizdə könüllülük fəaliyyətinin sahələri yetərincə genişdir. Belə ki, könüllülər seçimlərindən asılı olaraq, sosial, iqtisadi, siyasi, diaspor, idman, incəsənət və digər müxtəlif sahələrdə fəaliyyət göstərirlər.

Ölkəmizin “ASAN Könüllüləri” Təşkilatı, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “İslahat Könüllüləri” Təşkilatı, “Nəqliyyat Könüllüləri” Proqramı, Könüllülük Proqramı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” Təşkilatı, “Eko könüllüləri” Qrupu, Könüllülər Proqramı, Qrupu, “Gənc Könüllülər” Hərəkatı, "Azərbaycan Diaspor Könüllüləri" Proqramı, "Ədliyyə Könüllüləri" İctimai Birliyi, "Könüllü Qida Nəzarətçisi" “eSAS” Könüllülük proqramı  və digər könüllü təşkilatlarında fəaliyyət göstərən yüz minlərlə könüllü Azərbaycan gəncliyinin parlaq gələcəyi, ölkəmizin inkişafı, rifahın yaxşılaşması istiqamətində dövlət qurumlarının fəaliyyətinə öz əvəzolunmaz töhfəsini verirlər.

Könüllülər həmçinin ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq yarışlar olan “Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəliyi Oyunları, “Formula-1” yarışlarında misilsiz rol oynayıblar.

 

Azərbaycan könüllülərinin pandemiya dövründəki fəaliyyəti

#BİZBİRLİKDƏGÜCLÜYÜK

2020-ci ildə bütün dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çağırışına cavab olaraq Azərbaycan könüllüləri hökumətə dəstək fəaliyyətində iştirakları ilə xüsusi seçildilər. Belə ki, hələ pandemiyanın ilk başladığı günlərdə “Könüllü Qonşu”, “Böyüklərimizi qoruyaq” və digər aksiyalara start verildi. Aksiyalar çərçivəsində könüllülər ölkəmizin dörd bir yanında yaşlı vətəndaşlarımızın təhlükəsizliyinin qorunması məqsədilə onların evlərini tərk etməmələri üçün ərzaq və dərman kimi zəruri ehtiyaclarını operativ şəkildə həll edərək, köməklik göstərdilər. O cümlədən iş yerlərini itirmiş, ehtiyacı olan ailələrə də ərzaq və digər yardımların edilməsində yaxından iştirak etdilər.

Könüllülərin pandemiya dövründəki fəaliyyəti bununla bitmir. Onlar vətəndaşlarımızın pandemiya dövründə sağlamlığının qorunması məqsədilə maarifləndirilməsi ilə bağlı sosial çarxların hazırlanması, maskadan düzgün istifadə, sosial məsafə anlayışının təbliğ edilməsi, yollarda, müxtəlif məkanlarda ictimai nəzarət mexanizminin gücləndirilməsinə də mühüm töhfə veriblər.

Bundan başqa, hazırda "Aqrar İnkişaf Könüllüləri" Təşkilatı və Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqının qarşılıqlı əməkdaşlığı ilə paytaxt Bakıdan başlayaraq bütün regionlarımızda könüllülər Vətən müharibəsində  həlak olan şəhidlərin sayı qədər ağacəkmə aksiyası həyata keçirir.

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyi pandemiya dövründə genişmiqyaslı yardım layihələri həyata keçirdi.

 Könüllülülər bütün bu sözügedən aksiyalarda böyük həvəslə iştirak edib, “Biz Birlikdə Güclüyük!” şüarını rəhbər tutaraq belə bir çətin dönəmdə dövlətin yanında oldular, cəmiyyətə fayda verdilər və xalqımızın birlikdə daha güclü olduğunu bir daha sübut etdilər.

Həyata keçirilən bütün bu layihələrdə könüllülərin iştirakı ölkəmizin həssas təbəqəsindən olan vətəndaşlarına iqtisadi və sosial cəhətdən çətin olan bu şəraitdə dövlət tərəfindən göstərilən qayğı və diqqəti hiss etməsində yaxından köməkçi oldular.

Şəkil 1. Azərbaycan könüllüləri pandemiya dövründə

 

Könüllülərin pandemiya dövründəki videokonfransları

Təxminən bir ildir həyatımıza daxil olan pandemiya səbəbindən dünyada yeni bir trend formalaşdı. Artıq insanlar konfranslara, tədbirlərə, dərslərə iclaslara onlayn formatda qoşulurlar. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layihələri olan Azexport.azEnterpriseAzerbaijan.com, portalları, Rəqəmsal Ticarət Qovşağının ərsəyə gəlməsində eləcə də, proqram təminatı, müxtəlif tədbirlərin təşkili, elmi araşdırmalar və tədqiqat işlərində yaxından iştirak edən İslahat Könüllüləri də bu pandemiya dövründə müxtəlif mövzularda öz bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə bir çox videokonfranslar təşkil edib, həmçinin bütün respublika üzrə yüzlərlə könüllünün həmin videokonfranslarda iştirak etməsinə şərait yaradırlar. Video konfranslar müxtəlif sahələri əhatə edib:  Onlayn müzakirələr

  • İİTKM-in icraçı direktoru Vüsal Qasımlı ilə “Azərbaycan iqtisadiyyatı: pandemiya və postpandemiya dövründə” mövzusunda,
  • Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ilə “İnnovativ iqtisadiyyat: gələcək iş yerləri” mövzusunda,
  • Azərbaycan Respublikasinin Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovla “Azərbaycan könüllülər hərəkatı: Milli həmrəylik, sosial məsuliyyət və fərdi inkişaf” mövzusuda,
  • Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədovla “İnformasiya təhlükəsizliyi: gənclər sosial mediada” mövzusunda,
  • Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla “Diaspora fəaliyyətinin Azərbaycanın dövlət siyasətinə dəstəyi” mövzusunda,
  • Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevlə “Azərbaycanın xarici siyasəti: yeni reallıqlar və perspektivlər” mövzularında təşkil olunub.

Bütün bu görüşlər zamanı İslahat Könüllüləri ilə yanaşı, Azərbaycanın müxtəlif dövlət qurumlarının könüllü təşkilatları (ASAN Könüllüləri, DOST Könüllüləri, Könüllü Gömrükçülər, Aqrar İnkişaf Könüllüləri, “Bir” Tələbə-Könüllüləri də aktiv iştirak ediblər.

Şəkil 2. “İslahat Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə Azərbaycan könüllülərinin dövlət rəsmiləri ilə videokonfransları

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat Könüllüləri” Təşkilatının 2016-2020-ci illərdə 300-dən artıq könüllüsü olub. Könüllü proqramının təsis edilməsində prioritet məqsəd gənclərin iqtisadi və analitik sahədəki mövcud potensialını üzə çıxarmaq və ondan səmərəli istifadə etmək, gələcək karyeralarına görə onları doğru yönəltmək və onların asudə vaxtlarını düzgün qiymətləndirmələrinə yardımçı olmaqdır.

 

Könüllülər Vətən müharibəsi və post-müharibə dövründə

          Azərbaycan könüllüləri torpaqlarımızın azadlığı uğrunda gedən müharibə dövründə də öz fəaliyyətləri ilə yadda qaldılar. Belə ki, könüllülər informasiya müharibəsində Azərbaycanın səsini dünyaya çatdırmaq üçün Facebook, Twitter, Youtube kimi böyük platformalarda #KarabakhisAzerbaijan, #StopArmenianAggression, #Karabakh kimi həştəqlərdən istifadə edərək on minlərlə foto və video, məlumatlar, tarixi faktlar paylaşıblar. Bu birlik nəticəsində Twitter platformasında qeyd edilən və digər bir sıra həştəqlər dünya trendinə düşüb.

          Könüllülər Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisi və mülki infrastrukturuna vurulan zərərdən əziyyət çəkən vətəndaşlarımıza baş çəkərək onları diqqətdə saxlayıb, öz yardımlarını əsirgəməyiblər. 

Şəkil 2. Azərbaycan könüllüləri müharibə və post-müharibə dövründə
 

Azərbaycan könüllülərinin 44 günlük müharibə dövründə göstərdikləri fəaliyyət nəticəsində ölkəmizin haqlı səsinin dünyaya çatdırılmasına, bir çox məhşurların dəstəyinə nail olundu. Bundan başqa müharibə və post-müharibə dövründə şəhid və qazi ailələrinə edilən maddi və mənəvi yardımlar çətin günlərində könüllülərimizin də münasibəti sayəsində dövlətimizin vətəndaşının yanında olduğunu hiss etdirdi.

Beləliklə, bütün bunlar bir daha onu göstərir ki, hər bir Azərbaycan gənci çətin zamanda öz dövlətinin, xalqının yanında olur, yardım üçün əlindən gələni əsirgəmir.

 

Sən də İslahat Könüllülərinə qoşul!

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mütəmadi olaraq elan etdiyi Könüllü Proqramına siz də qoşularaq iqtisadiyyat, maliyyə, jurnalistika, informasiya texnologiyaları, qrafik dizayner sahəsində geniş təcrübə imkanı qazana bilərsiniz. Bunun üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçməyiniz tələb olunur:

http://iqtisadiislahat.org/events/iqtisadi_islahatlarin_tehlili_ve_kommunikasiya_merkezi_konullu_proqrami_elan_edir-52