İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) İslahat Könüllülərinin təşəbbüsü ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə “Azərbaycanın dövlət müstəqilliyi əbədi, əzəli və dönməzdir” mövzusunda maarifləndirici görüş keçirilib. Görüşün qonağı tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov olub.

Tədbiri giriş nitqi ilə açan İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn dövlət müstəqilliyinin tarixi-siyasi əhəmiyyətini vurğulayıb, tariximizin gənc nəslə elmi əsaslarla çatdırılmasının və dövlətçilik dəyərlərinin təbliğinin vacibliyini qeyd edib. Anar İsgəndərov məruzəsində dövlət müstəqilliyinin bərpasının tarixi-siyasi əhəmiyyəti, milli dövlətçilik ənənələrinin inkişaf mərhələləri və suverenliyin möhkəmləndirilməsi istiqamətində əldə olunan nailiyyətlərdən bəhs edib, gənclərlə fikir mübadiləsi aparıb.

Görüşdə İslahat Könüllüləri ilə yanaşı, “Könüllü gömrükçü”, “Ədliyyə Könüllüləri”, ASAN Könüllüləri, Aqrar İnkişaf Könüllüləri, Dövlət İmtahan Mərkəzinin könüllüləri və müxtəlif ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.