İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “İslahat Könüllüləri”nin təşəbbüsü ilə təhlükəsizlik üzrə ekspert Qəzənfər Aloyevlə “Təhlükəsizlik mədəniyyəti və risklərin idarə edilməsi” mövzusunda maarifləndirici görüş keçirilib. Görüşün məqsədi gənclərin təhlükəsizlik sahəsində bilik və bacarıqlarını artırmaq, müasir risklər barədə məlumatlılığı gücləndirmək və qabaqlayıcı tədbirlərin əhəmiyyətini diqqətə çatdırmaq olub.

Görüş zamanı təhlükəsizliyin cəmiyyət üçün rolu, təhlükəsizlik mədəniyyətinin formalaşması və risklərin sistemli idarə olunması müzakirə edilib. Şəxsi və ictimai təhlükəsizlik, ətraf mühitin mühafizəsi, mümkün təhdidlərin qiymətləndirilməsi və risklərin minimuma endirilməsi yolları barədə ətraflı məlumat verilib. Rəqəmsal inkişaf fonunda kibertəhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirilib. Süni intellekt əsaslı kiberdələduzluq üsulları, rəqəmsal manipulyasiyalar, fərdi məlumatların qorunması və hüquqi müdafiə mexanizmləri nəzərdən keçirilib.

Ekspert Qəzənfər Aloyev real nümunələri və təcrübələrini bölüşüb, interaktiv sessiya çərçivəsində gənclərin suallarını cavablandırıb. Tədbirdə “İslahat Könüllüləri” ilə yanaşı, “Könüllü gömrükçü”, “Ailəm Könüllüləri”, Turizm Könüllüləri Təşkilatı, Dövlət İmtahan Mərkəzinin könüllüləri, MEDİA Könüllüləri, “İrs dostu” könüllüləri və müxtəlif ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.