İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzində təcrübə proqramını tamamlayan Macarıstanın “Mathias Corvinus Collegium” ali təhsil müəssisəsinin tədqiqatçısı Tas-Szilárd Kelemen həyata keçirdiyi elmi tədqiqatını başa çatdırıb və nəticələrini təqdim edib.

T.Kelemenin “Türk dövlətlərinin iqtisadi inteqrasiyası: ticarət, nəqliyyat, enerji və rəqəmsal innovasiya sahələrində regional sinerjilər” mövzusunda tədqiqatı Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində iqtisadi inteqrasiya proseslərinin təhlilinə həsr olunub. Tədqiqatda Türk dövlətləri arasında ticarət dövriyyəsinin artımı, Orta Dəhliz və digər nəqliyyat marşrutlarının rolu, enerji əməkdaşlığı, xüsusilə yaşıl enerji təşəbbüslərinin əhəmiyyəti, həmçinin rəqəmsallaşma, “Rəqəmsal İpək Yolu” və rəqəmsal iqtisadiyyat üzrə yeni təşəbbüslər təhlil edilib.

İİTKM-də keçirilən təqdimatda tədqiqatçı TDT-nin çərçivə sənədləri, Türk İnvestisiya Fondu və Türk Yaşıl Maliyyə Şurası kimi yeni institutların yaratdığı imkanlar, həmçinin rəqəmsal inteqrasiya və xidmət ticarətinin liberallaşdırılması istiqamətində atılan addımlar barədə məruzə ilə çıxış edib. O, eyni zamanda Azərbaycanın Türk dövlətləri ilə iqtisadi inteqrasiyanın dərinləşdirilməsində rolu və Orta Dəhliz, Zəngəzur dəhlizi, yaşıl enerji və rəqəmsal bağlantılar üzrə təşəbbüslərinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Tədqiqatın nəticələri Türk dünyasında iqtisadi inteqrasiyanın daha da dərinləşdirilməsi, ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsi, eləcə də enerji və rəqəmsal sahələrdə dayanıqlı əməkdaşlığın inkişafı üçün sübutlara əsaslanan siyasət tövsiyələrinin formalaşdırılmasına töhfə verir. Bu əməkdaşlıq Azərbaycan və Macarıstan arasında elm və təhsil əlaqələrinin möhkəmlənməsinə, həmçinin bütövlükdə Türk dünyasında intellektual və institusional bağların güclənməsinə xidmət edir.