Macarıstanın “Mathias Corvinus Collegium” ali təhsil müəssisəsinin tədqiqatçısı Tas-Szilárd Kelemen İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzində elmi tədqiqat işinə başlayıb.

Tədqiqat “Türk Dünyasının iqtisadi inteqrasiyası” mövzusuna həsr olunub. Layihə Azərbaycanın Türk dövlətləri ilə regional iqtisadi əməkdaşlıq sahəsində həyata keçirdiyi strateji prioritetlərin təhlilinə yönəlib. Məqsəd Türk dünyasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və dayanıqlı əməkdaşlığın inkişafı üçün sübutlara əsaslanan siyasət tövsiyələrinin hazırlanmasına töhfə verməkdir.

T. Kelemen Azərbaycanda olduğu müddətdə mərkəzin ekspertlərinin elmi nəzarəti altında fəaliyyət göstərəcək. O, həmçinin regional iqtisadi dialoqu və elmi bilik mübadiləsini təşviq edən layihə və təşəbbüslərdə iştirak edəcək.

Tədqiqatçının fəaliyyəti “Mathias Corvinus Collegium” institutu tərəfindən beynəlxalq tədqiqat proqramı üzrə elmi təqaüd çərçivəsində maliyyələşdirilir.

Bu əməkdaşlıq Azərbaycan və Macarıstan arasında elm və təhsil əlaqələrinin genişlənməsi istiqamətində daha bir mühüm addım olmaqla, bütövlükdə Türk dünyasında intellektual və institusional bağların möhkəmlənməsinə xidmət edir.