İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) VII istehsalat təcrübəsi başa çatıb. Mərkəzdə Azəbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Bakı Mühəndislik Universiteti (BMU) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bu ilin fevral-may aylarında İİTKM-də təcrübə keçmiş tələbələri üçün “Buraxılış günü” təşkil olunub.

İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn təcrübə proqramında iştirak etmiş tələbələrə və universitet nümayəndələrinə təşəkkür edib. Həmçinin R.Hüseyn tələbələrin iqtisadi, analitik və digər sahələrdə bilik və bacarıqlarının artırılması üçün Mərkəzdə yaradılmış əlverişli mühitdən danışıb, tədqiqatçı gənclərin də elmi-analitik məqalələrinin dərc olunduğu “İqtisadi islahatlar” jurnalı haqqında ətraflı məlumat verib.

İİTKM-in İslahat Könüllüləri Təşkilatının rəhbəri İsmət Mehrəliyeva istehsalat təcrübəçilərinin fəaliyyəti, “Fərdi İnkişaf Proqramı” daxilində təşkil olunmuş təlimlər, təcrübəçilərin apardıqları araşdırma və təqdimatlar barədə danışıb. O, tələbələrin məqalə və təqdimatlarının, həmçinin elektron sertifikatlarının https://volunteer.ereforms.gov.az saytında yerləşdirildiyini qeyd edib.

Daha sonra ADNSU-nun Təcrübə bölməsinin rəhbəri Səbinə Əliyeva, AzMİU-nun Təcrübə və karyera şöbəsinin müdiri Xanlar Qəniyev və BMU-nun Təcrübə şöbəsinin sədri Həsi Qasımov çıxış edərək gələcək əməkdaşlığa dair təkliflər irəli sürüblər.

Sonda təcrübə müddətini uğurla başa vurmuş tələbələr serifikatlarla, fərqlənən tələbələr isə təşəkkürnamələrlə təltif olunublar.