İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən “İslahat Könüllüləri” Təşkilatının yeni saytının təqdimat mərasimi keçirilib.

Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində peşakar kadr ehtiyatının formalaşması və insan kapitalının inkişafı prioritet məsələlərdən biridir. “İslahat Könüllüləri” Təşkilatının rəhbəri İsmət Vaqifzadə bildirib ki, eyni zamanda, gənclər arasında innovativ və texnoloji yeniləşmə, modernləşmə əsas hədəflərimizdəndir. Belə ki, Azərbaycan beynəlxalq hesabatlarda müxtəlif sahələr üzrə rəqəmsallaşma göstəricisinə görə dünyada öndə gedən ölkələrdəndir. Asiya İnkişaf Bankının 2021-ci il üzrə illik hesabatına görə Azərbaycan pandemiya dövründə rəqəmsal təhsilə sürətlə keçən ölkələrdən olub. Bütün bu göstəricilər ölkəmizdə könüllülük hərəkatının da rəqəmsallaşmağına imkan yaradır.

Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri və üzv təşkilatların rəhbərləri iştirak edib.

Qeyd edək ki, “İslahat Könüllüləri” Təşkilatı 2016-cı ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində fəaliyyətə başlayıb. 300-dən çox könüllünün məzun olduğu təşkilatın əsas məqsədi gənclərin iqtisadi və analitik sahədəki mövcud potensialını üzə çıxarmaq və ondan səmərəli istifadə etmək, həmçinin, bacarıqlı kadr kimi formalaşmasına dəstək olmaqdır.